“DƏDƏ QORQUD” TANKERİ SUYA SALINMIŞDIR
DXDG-nin sifarişi ilə Rusiyanın Nijni Novqorod şəhərində tikilən “Dədə Qorduq” tankerinin mayın 26-da suya salınması mərasimi keçirilmişdir. “Красное Сормово” gəmiqayırma zavodundakı mərasimdə Nijni Novqorod vilayətinin qubernatoru Valeri Şansev, deputatlar, şəhər ictimaiyyətinin nümayəndələri, soydaşlarımız, habelə Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak etmişdir. Bu əlamətdar hadisə ilə əlaqədar zavodda “açıq qapı” günü elan edildiyindən bayram mərasiminə məktəblilər və gənclər də qatılmışdırlar.
Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndikdən sonra zavodun baş direktoru Nikolay Jarkov “Красное Сормово” gəmiqayıranları ilə Azərbaycan dənizçilərinin bir əsrdən çox tarixi olan faydalı əməkdaşlığından söz açmışdır.
Qubernator Valeri Şansov prezidentlər Vladimir Putin və İlham Əliyevin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın getdikcə möhkəmləndirilməsi, Azərbaycan-Rusiya əlaqələrinin inkişafı üçün əməli addımlarından danışmışdır.
Xalqımızın tarixində “Dədə Qorqud” şəxsiyyətinin rolunu qeyd edən DXDG-nin rəis müavini Muxtar Axundov, ümummilli liderimiz Heydər Əlyevin ötən əsrin 70-80-ci illərində nəqliyyat donanmamızın formalaşmasında və müstəqillik dövründə gəmilərimizin qorunaraq təzələnməsində müstəsna xidmətləri barədə geniş məlumat vermişdir.
Bildirilmişdir ki, DXDG-nin kollektivi Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin diqqətini daim hiss edir və dövlət qayğısına əməli işləri ilə cavab verməyə çalışırlar.
Sonda gəmiçiliyimizin sayca 40-cı tankeri suya salınmışdır. “Dədə Qorqud” gəmisi öz sələfləri “Prezident Heydər Əliyev”, “Babək”, “Şah İsmayıl Xətai” və “Koroğlu” tankerləri kimi Avrasiya nəqliyyat dəhlizində işləyəcək, Qazaxıstan neftinin Aktau limanından Bakıya çatdırılaraq, dünya bazarlarına nəqlində iştirak edəcəkdir.