REGİONLAR
Dekorativ əl işlərindən ibarət “Xəmsə möcüzəsi” adlı sərgi təşkil olunub
Naxçıvan, 5 may, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tərtibatçı-rəssamı Səkinə Qarayevanın Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş dekorativ əl işlərindən ibarət “Xəmsə möcüzəsi” adlı fərdi sərgisinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən mərkəzin direktoru Rəşad Xudiyev Azərbaycanın mədəni irsinə, ədəbiyyatına, dünya şöhrətli dahi şairinə verilən dəyərdən, göstərilən diqqət və qayğıdan danışıb. O, Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncamının bu dəyərin, qayğının parlaq nümunəsi olduğunu diqqətə çatdırıb.
Muxtar respublikanın Rəssamlar Birliyinin üzvləri Həmzə Sadiqov və Sabir Məmmədov çıxışlarında sərginin yaradıcı insanlara verilən dəyərin növbəti nümunəsi olduğunu qeyd edib, Səkinə Qarayevaya uğurlar arzulayıblar.
Sonra Səkinə Qarayevaya səmərəli fəaliyyətinə görə mərkəzin diplomu təqdim olunub. Tərtibatçı-rəssam sərginin təşkil olunmasında yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, bundan sonrakı fəaliyyətində daha səylə çalışacağını vurğulayıb.
Sonda iştirakçılar sərgi ilə tanış olublar.