DEMOKRATİK İSLAHATLAR AZƏRBAYCANIN İNKİŞAFINDA BÖYÜK ROL OYNAYIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir müavini Vaqif Sadıqov qonaqları səmimi salamlayaraq, Amerika Türk Assosiasiyaları Assambleyasının fəaliyyətini yüksək qiymətləndirmiş və işin bu cür davam etdirilməsini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun həlli istiqamətində görülən işlər və münaqişə nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər barədə məlumat verən nazir müavini, bu problemin beynəlxalq hüququn prinsip və normaları əsasında tezliklə aradan qaldırılması üçün beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini bildirmişdir.
Nazir müavini Vaqif Sadıqov Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin apardığı fəaliyyət nəticəsində Azərbaycanın ABŞ-da diaspor təşkilatlarının formalaşdığını qeyd edərək, bu işdə ATAA-nın dəstəyini və birgə əməkdaşlığın inkişaf etdirilməsinin zəruri olduğunu diqqətə çatdırmışdır.
ATAA-nın prezidenti Ərcümənt Kılınc Azərbaycanda həyata keçirilən demokratik islahatların ölkəmizin inkişafında böyük rol oynadığını bildirərək, insan hüquqları ilə bağlı geniş addımlar atıldığını və həmçinin uğurlu daxili və xarici siyasətin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu söyləmişdir.
Ərcümənt Kılınc rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı ətraflı məlumat vermiş və bir çox məsələlərin, o cümlədən Amerikada təhsil alan azərbaycanlıların ABŞ Konqresində təcrübə keçməsinə də yardım göstərməyə hazır olduğunu bildirmişdir.
O, həmçinin Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızın problemlərinə göstərdiyi diqqəti yüksək qiymətləndirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.