“DEMOKRATİYA VƏ SABİTLİK NAMİNƏ: ƏMƏKDAŞLIĞIN YENİ İMKANLARI”
BEYNƏLXALQ KONFRANSIN MATERİALLARI ÇAPDAN ÇIXMIŞDIR
Yeni Azərbaycan Partiyasının və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda 2008-ci il mayın 7-də Bakı şəhərində keçirilmiş beynəlxalq konfransın materialları kitab halında çapdan çıxmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbriki ilə açılan kitabda dövlətimizin başçısının qonaqlarla görüşü barədə geniş hesabat və konfransın materialları Azərbaycan, ingilis və rus dillərində verilmişdir.
Dünyanın 30-dan çox ölkəsinin, o cümlədən ABŞ, Türkiyə, Rusiya, İran, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Kanada, Çin, Hindistan, Misir, Pakistan, Latviya, Avstriya, Moldova və Vyetnamın parlamentlərinin və siyasi partiyalarının yüksək vəzifəli təmsilçilərinin, eləcə də beynəlxalq təşkilatların, Azərbaycanda akkreditə edilmiş diplomatik korpusun nümayəndələrinin, alimlərin iştirak etdikləri konfransın məqsədi demokratiyanın və sabitliyin təmin olunması naminə faydalı əməkdaşlığın genişləndirilməsi və möhkəmlənməsi işinə töhfə vermək, müxtəlif ölkələrin siyasi partiyalarının və siyasətçilərinin çoxtərəfli dialoqunu və fikir mübadiləsini təşkil etmək idi. Qloballaşan dünyada demokratiya və sabitliyin cəmiyyətin həyatında, dövlətlərarası münasibətlərdə əhəmiyyətinə dair geniş müzakirələrin aparıldığı konfransda əməkdaşlığın yeni imkanlarının üzə çıxarılmasında partiyaların rolundan ətraflı bəhs edilmişdir.
Prezident İlham Əliyev iştirakçılardan bir qrupunu qəbul edərkən konfransın mövzusunun bütün dünya üçün və ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq demişdir ki, sabitlik olmayan yerdə demokratik inkişafdan söhbət gedə bilməz və əksinə, qeyri-demokratik cəmiyyətlərdə sabitliyin ömrü uzun olmur. Bəzi hallarda bu iki anlayış qarşı-qarşıya qoyulur, ancaq biz Azərbaycanın timsalında görürük ki, bütün uğurlarımız - demokratiyanın inkişafı, ölkəmizin hərtərəfli inkişafı və möhkəmlənməsi, məhz sabitliyin əsasında mümkün olmuşdur. Ölkəmiz yeniləşir, müasirləşir və irəliyə gedir.
Konfrans iştirakçılarından Almaniyanın keçmiş dövlət katibi, Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauzer konfransın nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda demokratik inkişaf yolunun müəyyən edilməsində rolunu vurğulamış, ABŞ-ın Demokratlar Partiyası sədrinin müavini xanım Suzan Törnbul isə bu beynəlxalq konfransın mövzusunun istər püxtələşmiş, istərsə də keçid dövrünü yaşayan ölkələr üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Macarıstan Milli Elmlər Akademiyası Siyasi Elmlər İnstitutunun professoru Cozef Bayer, Rusiya Dövlət Dumasının deputatı, “Yedinaya Rossiya” Partiyasının nümayəndəsi Hacımət Səfərəliyev, Belçika Senatının üzvü Alan Disteksi, Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Dəngir Mir Mehmet Firat, Ukrayna Ali Radasının üzvü, “Bizim Ukrayna” Xalq Birliyi Partiyasının sədr müavini Zinovi Şkutyak, Qazaxıstan “Nur Otan” Xalq Demokratik Partiyasının nümayəndəsi Şarıpbek Amirbekov və başqaları öz ölkələrinin təcrübəsini bölüşmüşlər.
Birgə nəşrin layihəsinin müəllifləri Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov və AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovdur.
Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik səviyyədə çap edilmişdir.
######
