Dendrologiya İnstitutu fəaliyyətini karantin rejiminin tələblərinə uyğun qurub
Bakı, 17 aprel, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutu koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğundan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq, elmi müəssisə öz fəaliyyətini onlayn rejimdə davam etdirir.
Dendrologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, rəhbərlik tərəfindən fəaliyyət planı hazırlanaraq institutun müvafiq laboratoriya, şöbə rəhbərlərinə təqdim olunub və həmin plana uyğun göstərişlər verilib.
Qeyd edilib ki, hazırda karantin dövrünü əhatə edən müddət ərzində institutun laboratoriyalarda çalışan elmi işçiləri aparılmış tədqiqatların nəticələrini ümumiləşdirərək beynəlxalq və yerli elmi jurnallara məqalələr hazırlayır. Artıq 11 məqalə çapa təqdim olunub. Rəhbərliyin və aparıcı alimlərin təklifləri ilə bir neçə monoqrafiya yazılır və həmmüəlliflər onlayn əlaqə saxlayaraq, mətnlərin müzakirəsini aparırlar. Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin vaxtı uzadılarsa görüləcək vacib tədbirlər onlayn rejimdə keçiriləcək.
Bu çətin günlərdə İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsi öz üzərinə düşən vəzifəni layiqincə icra edərək, müəssisənin dendrologiya.az rəsmi veb-saytı və “facebook” internet səhifəsi üzərindən fəaliyyətini onlayn şəkildə davam etdirir. Hər gün dünyada, eləcə də ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatları, bu virusla mübarizə məqsədilə görülən tədbirləri, aparılan araşdırmaları, həmçinin institutun həyatında baş verən yenilikləri işıqlandırırır. dendrologiya.az veb səhifənin Azərbaycan dili bölməsindəki məlumatlar qısa bir zamanda tərcümə edilərək ingilis dili bölməsinə yerləşdirilir.
Təxirə salınması mümkün olmayan işlər xüsusi əmək rejiminin qaydalarına riayət etməklə yerinə yetirilir. Belə ki, təxirəsalınmaz təsərrüfat işlərinin yerinə yetirilməsi məqsədilə iş yerinə yaxın məsafədə olan 10-15 nəfər əməkdaş tədqiqat sahəsinə aqrotexniki quluq göstərməklə bərabər, bitkilər üzərində fenoloji müşahidələr aparırlar.
Vurğulanıb ki, karantindən sonrakı dövrdə səyahətçilərin xoş istirahətini təmin etmək üçün Dendrologiya İnstitutunun əməkdaşları respublikamızın füsunkar guşəsi olan bu təbiət abidəsinin mühafizəsi üçün əlindən gələni əsirgəmirlər.
Dendrologiya İnstitutunun Dendroloji Park ərazisinin bəzək memarlığı gözəlliyi ilə karantindən sonrakı dövrdə əhalinin istirahətinin təminində xoş təəssürat yaratması məqsədilə yeni bir orenjeriya istifadəyə verilib, su hovuzları cari təmir edilib, yeni çiçəkliklər salınıb.
Qeyd edək ki, AMEA-nın Dendrologiya İnstitutu koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması üçün ölkə başçısının nəcib təşəbbüsünə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat vəsait köçürüb və “Biz birlikdə güclüyük” şüarı altında institutun aztəminatlı ailələrinə ərzaq yardımı göstərib.