Deputat: Tədbirlər Planı məşğulluğun dövlət tərəfindən yaxından dəstəklənməsinə imkan yaradacaq
Bakı, 20 iyul, AZƏRTAC
“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” ölkəmizdə məşğulluğun dövlət tərəfindən yaxından dəstəklənməsinə və yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Bu zaman özəl sektoru hesabına yeni iş yerlərinin yaradılması və bununla da məşğulluqda özəl sektorun payının artırılması nəzərdə tutulur.
Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, startapların dövlət tərəfindən dəstəklənməsi siyasəti davam etdiriləcək və bu, startaplar vasitəsilə investisiyaların cəlb edilməsinə gətirib çıxaracaq. Hazırda icra olunan özünüməşğulluq proqramının genişləndirilməsi nəzərdə tutulur. Xüsusən də bölgələrdə daha çox vətəndaşlar özünüməşğulluq proqramına cəlb ediləcək və bu da onların özünün sahibkara çevrilməsinə imkan yaradacaq. Aqrar sektor da daxil olmaqla turizm və iqtisadiyyatın bir sıra fərqli sektorlarında dövlət dəstəyinin artırılması və təlimlərin keçirilməsi, fərqli təşviq alətlərinin istifadə edilməsi nəzərdə tutulur ki, bu da həmin sektorlarda iş yerlərinin sayının artmasına imkan verəcək. Digər vacib məqamlardan biri çevik iş modellərinin tətbiq edilməsi ilə bağlıdır. Tədbirlər Planı bütövlükdə məşğulluq sahəsində yeni yanaşmaların tətbiq olunması və iş yerlərinin sayının artırılmasını özündə ehtiva edir.
“Vacib məqamlardan biri də beynəlxalq praktikada istifadə olunan metodların Azərbaycanın məşğulluq bazarında tətbiqidir. Bu metodlardan biri də məhz çevik iş yerinin yaradılmasıdır. Bu, Tədbirlər Planının əsas istiqamətlərindən biridir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Dünya praktikasında çevik iş rejimi modellərindən geniş istifadə olunur. Bu modellərin özəlliyi ondan ibarətdir ki, burada fərqli iş modelləri tətbiq olunur. Ən çox tətbiq olunan modellərdən biri hibrid iş rejimidir. Bu zaman işçilər həftənin müəyyən günləri ofisdə, digər günləri isə məhz ofisdən kənarda çalışırlar. Digər dünya praktikasında tətbiq edilən və hazırda bir sıra inkişaf etmiş ölkələrdə də istifadə olunan metodlardan biri sıxılmış saatlar metodudur. Bunun özəlliyi isə bu zaman işçi işəgötürənlə razılaşma əsasında həftənin 4 günü çalışa bilir”, - deyə deputat əlavə edib.
Vacib məqamlardan birinin də flex müddətinin tətbiqi olduğunu deyən V.Bayramov qeyd edib ki, burada işçi günün müəyyən saatlarında çalışır. Başqa bir metod isə işin bölüşdürülməsidir: “Bu halda bir iş və ya bir tapşırıq iki yarımştat işçiyə tapşırılır və onlar işi öz aralarında bölərək icra edirlər. Nəticədə iki nəfər bir tapşırığın yerinə yetirilməsinə məsul olur. Son dövrlər nəticə əsaslı iş mühiti modeli də tətbiq olunur. Bu zaman artıq iş mühiti birbaşa saatlarla deyil, işçinin əldə etdiyi nəticələrlə müəyyənləşir”.