DİA-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov və Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətinin açıqlandığını, bu hadisələrə siyasi-hüquqi qiymət verildiyini qeyd ediblər. Natiqlər ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini, son illərdə erməni təcavüzünün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərimizin özününküləşdirilməsi barədə tarixi faktlara əsaslanan qiymətli əsərlərin çap olunmasının əhəmiyyətini qeyd ediblər.
Mərasimdə DİA-nın tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədovanın “Azərbaycanlıların soyqırımı ərəfəsində ictimai-siyasi vəziyyət”, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidinin “1918-ci ildə müsəlman qırğınları: mahiyyəti, miqyası və nəticələri”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin “Azərbaycanlı qırğınları bolşeviklərin xatirələrində” mövzusunda məruzələri dinlənilib.
Qeyd olunub ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində, təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınıb.