ELM VƏ TƏHSİL
DİA-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib.
DİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin siyasi irsi akademiyadakı bütün ixtisas qruplarında yad edilib.
“Premier” şahmat məktəbində tələbələr arasında turniri keçirilib və ilk üç yeri tutan gənclər mükafatlandırılıb.
İnzibati idarəetmə fakültəsinin tələbələri üçün “Heydər Əliyev: Gələcəyə daşınan miras” mövzusunda tarix kafedrasının dosenti Çingiz Məmmədov, “Heydər Əliyev və diplomatiya: beynəlxalq əlaqələrin qurulmasında strateji yanaşmalar” mövzusunda Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elman Nəsirovun iştirakı ilə elmi seminarlar keçirilib.
Həmçinin Dövlət İdarəçilik Akademiyasının tələbləri arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual yarış təşkil edilib və qaliblər mükafatlandırılıb.