DİM konsertmeysterləri əməkdaşlığa dəvət edir
Bakı, 8 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterləri əməkdaşlığa dəvət edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları zamanı abituriyentlər orkestr alətləri, xalq çalğı alətləri, vokal sənəti, dirijorluq, xanəndəlik və populyar musiqi və caz ifaçılığı ixtisasları üzrə imtahanlarda konsertmeysterlərin müşayiəti ilə ifa nümayiş edirlər.
Konsertmeysteri olmayan abituriyentlərin imtahanda ifasını təmin etmək üçün DİM imtahanlara növbətçi konsertmeysterlər dəvət edir. Onlar imtahanda abituriyentin ifasında böyük rol oynayır və məsuliyyət daşıyır.
Orkestr alətləri, xalq çalğı alətləri, vokal sənəti, dirijorluq, xanəndəlik və populyar musiqi və caz ifaçılığı ixtisası üzrə konsertmeyster kimi fəaliyyət göstərən bütün ali təhsilli şəxslər Dövlət İmtahan Mərkəzi ilə konsertmeyster kimi əməkdaşlıq etmək üçün müraciət edə bilərlər.
Namizədlərə dair tələblər:
- musiqi sahəsi üzrə ali təhsil;
- konsertmeyster kimi ən azı 5 illik iş təcrübəsi;
- notu yüksək səviyyədə üzdən oxumaq bacarığı;
- məşhur əsərləri əzbər ifa etməsi arzuolunandır;
- tar və kamança cütlüyünü müşayiət edən konsertmeysterlər muğamları, dəstgahları, təsnifləri, rəngləri, xalq mahnılarını, bəstəkar mahnılarını bilməlidirlər.
Qeydiyyatdan keçmək üçün namizəd şəxsi məlumatlarını, təhsil və əmək fəaliyyəti haqqında məlumatları verilmiş anketdə dolduraraq fevralın 22-dək [email protected] ünvanına göndərməlidir. Qeydiyyatdan keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsində namizədin sənədləri yoxlanılır, eləcə də təhsili, fəaliyyəti, iş təcrübəsi, alətdə ifa bacarıqları və digər məlumatları dəqiqləşdirilir. Müsahibədən uğurla keçən konsertmeysterlər DİM-in “Elektron konsertmeyster bazası”na daxil edilir.
Namizədlər müsahibəyə gələrkən qeydiyyat anketini, şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında sənədin əsli və surətlərini, iş yerindən arayış (əmək stajı göstərilməklə), bank rekvizitləri (rəsmi möhürlü), sosial sığorta kartının surəti (və ya nömrəsi) və məhkumluğun olmaması haqqında arayış gətirməlidirlər.
Müsahibədən keçən konsertmeysterlərlə 5 illik xidməti müqavilə bağlanılacaq və hər iştirak etdiyi imtahan üçün müqavilədə nəzərdə tutulmuş əməkhaqqı ödəniləcək.