İDMAN
DİN-in İdman Cəmiyyətində ciu-citsu üzrə növbəti birincilik keçirilib
Bakı, 9 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında keçirilən müxtəlif idman növləri üzrə açıq birinciliklər davam edir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, silsilə turnirlər çərçivəsində mayın 9-da İdman Cəmiyyətində ciu-citsu üzrə yeniyetmələr və gənclər arasında növbəti birincilik keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Çıxışlarda ulu öndər Heydər Əliyevin idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğıdan danışılıb. Bildirilib ki, müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə yaşanan tənəzzül və böhran Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra qısa müddətdə dinamik inkişafla əvəzlənib. Bu dövrdə qısa vaxtda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız parlaq qələbələrə imza atıb, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başlayıb. İdmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu vurğulayan ümummilli lider Heydər Əliyev deyirdi: “İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”.
Daha sonra yarışlara start verilib.
Birincilikdə dörd komandanın heyətində müxtəlif çəki dərəcələri üzrə 80-dək idmançı gücünü sınayıb.
DİN İdman Cəmiyyətinin əməkdaşı, polis baş leytenantı Elşən İbişovun yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdiriblər.
Cəmiyyətin idman təlimi şöbəsinin rəisi, polis polkovnik leytenantı İlyas Siracov bildirib ki, tarix boyu insanlarda Vətənə məhəbbət, milli qürur hissləri, xeyirxahlıq aşılayan idman güclü təsir imkanına malik olmaqla dövlətin hərtərəfli inkişafında, dünya miqyasında tanınmasında mühüm rol oynayan təbliğati-siyasi vasitədir. İdman və bədən tərbiyəsi müasir dünyamızda fiziki və mənəvi tərbiyənin mühüm vasitələrindən biri hesab olunur.
Qeyd edilib ki, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilən bu yarışlarda iştirak edən yeniyetmə və gənclər gələcəkdə də sağlam idman ənənələrinə sadiq qalmalı, dövlətimizi, Vətənimizi layiqincə təmsil etməlidirlər.
Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.