DİN: Narkotikdən istifadənin açıq təbliğinə həsr edilmiş musiqili meyxananın ifaçısı saxlanılıb
Bakı, 1 aprel, AZƏRTAC
Son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxananın videogörüntüsü yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məsələ ictimai rezonans doğurub və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığı və etirazı ilə qarşılanıb.
DİN rəhbərliyinin tapşırığına əsasən bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Dediyi meyxana ilə narkotiki təbliğ edən şəxsin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olduğu müəyyən edilib. O, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulmuş və istifadə üçün hazırlanmış marixuana aşkarlanıb. Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o, həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcək.