CƏMİYYƏT
DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ YANINDA FƏALİYYƏT GÖSTƏRƏN ŞURANIN İLK İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 23 iyul (AZƏRTAC). İyulun 23-də dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının məqsədəuyğunluğunu daha obyektiv araşdırmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yanında yaradılmış Şuranın ilk iclası keçirilmişdir.
Komitənin sədri Hidayət Orucov qeyd etmişdir ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən komitə dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verir. Həmin rəyin verilməsi mexanizmini əks etdirən müvafiq Təlimat hazırlanmış və Ədliyyə Nazirliyində normativ hüquqi sənəd kimi təsdiqlənmişdir. Təlimata uyğun olaraq komitənin sədri yanında Şura yaradılmış, tərkibi müəyyənləşmiş, Əsasnaməsi və iş planı hazırlanmışdır. Qurumun fəaliyyətinin spesifikliyi və önəmi nəzərə alınaraq onun tərkibinə tikinti-memarlıq sahəsi üzrə aidiyyəti təşkilatların mütəxəssisləri də cəlb olunmuşlar.
H.Orucov bildirmişdir ki, belə bir qurumun fəaliyyət göstərməsi dini ibadət yerlərinin tikintisi və yenidən qurulması işində peşəkarlığın artmasına və gələcəkdə möhtəşəm dini məbədlərin meydana çıxmasına təkan verəcəkdir.
İclasda dini ibadət yerlərinin tikintisi və yenidən qurulması ilə bağlı komitəyə daxil olmuş müraciətlərə baxılmış, müzakirələr aparılmışdır.
Müzakirələrdən sonra İçərişəhər Məhəmməd məscidinin bərpası ilə bağlı layihəyə müsbət rəy verilməsi haqqında qərar qəbul edilmişdir.
Sonda Şuranın cari il üçün iş planı təsdiqlənmişdir.