DNESTRYANI BÖLGƏ İNSAN, NARKOTİK MADDƏLƏR VƏ SİLAH ALVERİNİN BEYNƏLXALQ MƏRKƏZİDİR
Qəzet yazır: Biz ölkəmizin sərhədində qondarma Dnestryanı respublikanın mövcudluğuna artıq o dərəcədə öyrəşmişik ki, bəzən belə qonşuluğun mənasızlığı və təhlükəli olduğu barədə düşünmürük.
...”Qazeta po-kiyevski” xatırladır ki, 1992-ci ildə qızğın döyüşlər zamanı 70 minədək qaçqın Ukrayna ərazisinə pənah gətirmişdi. Odessanın və Nikolayevin “gizli” bazarlarında isə “hərbi qənimətlər” satılmağa başlanmışdı. Sərhədimizdəki uydurma dövlət qaçaqmalçılar üçün ideal bir yerə çevrilmişdir. Dnestryanı bölgənin hökumət orqanları cansıxıcı dekorasiyalardır. Sahəsi 4 min kvadratkilometrdən artıq olan ərazidə real hakimiyyət “Şerif” kimi gözəl ad daşıyan firmaya və qondarma respublikanın “prezident”i İqor Smirnovun qohum-əqrəbasına məxsusdur.
Dnestryanı bölgə insan, narkotik maddələr və silah alverinin beynəlxalq mərkəzidir. Hesablamalara görə, fahişəliklə məşğul olmaq üçün Dnestryanı bölgə vasitəsilə Avropaya 100 min qadın satılmışdır. Bölgənin özündə piyada silahı istehsal edilir və bu silah gərginlik ocağı olan rayonlara satılır.
“Qazeta po-kiyevski” Avstriyanın “OONachrichten” qəzetinə istinadla yazır ki, Smirnovun oğullarından biri gömrükxana başçısıdır, digəri isə silah alverinə nəzarət edir.