ELM VƏ TƏHSİL
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları ilə bölgə ziyalılarının videokonfransı keçirilib
AZƏRTAC xəbər verir ki, videokonfransda Dördüncü Bakı Beynəlxalq Humanitar Forumuna xarici ölkələrdən qatılan tanınmış alimlər, siyasi xadimlər Azərbaycanın 13 bölgəsindən - Şamaxı, Bərdə, Şirvan, Sumqayıt, Masallı, Gəncə, Şəki, Quba, Ağcabədi, Mingəçevir, Sabirabad, Göyçay, Lənkərandan olan ziyalılar və ictimai fəallarla onlayn fikir mübadiləsi aparıblar.
Tədbirdə çıxış edən Fondun icraçı direktoru Oqtay Səmədov Forumun əhəmiyyətindən danışaraq bildirib ki, bu mötəbər tədbir Azərbaycanın müasir həyatında əlamətdar hadisəyə çevrilib. Forumda iştirak edən 60 ölkədən 500-dək xarici qonaq bir daha şahid oldular ki, Azərbaycanda multikulturalizm, tolerantlıq həyat tərzinə çevrilib. Artıq bir ənənəyə çevrilən bu Forum Azərbaycana beynəlxalq aləmdə nüfuz qazandırır. Qloballaşma dövründə bu mötəbər tədbirin keçirilməsi humanist addım sayılır.
Xarici qonaqlar Dördüncü Bakı Beynəlxalq Humanitar Forumuna dair təəssüratlarını bölgə ziyalıları ilə bölüşüb, onların suallarını cavablandırıblar.
Videokonfransın təşkilində əsas məqsəd bölgə əhalisinin ictimai proseslərdə fəallığını artırmaq, yerli ziyalıların tanınmış xarici alimlərlə ünsiyyətini yaratmaqdır.