CƏMİYYƏT
Dördüncü İslam Həmrəyliyi Oyunlarının Könüllülər Mərkəzi fəaliyyətə başlayıb
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Bakıda IV İslam Həmrəylik Oyunlarının Könüllülər Mərkəzi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən mərkəzdə Oyunlarda könüllü kimi fəaliyyət göstərmək istəyənlərin seçim prosesi aparılır. Fevralın sonunadək davam edəcək seçimlər nəticəsində IV İslam Həmrəylik Oyunlarında fəaliyyət göstərəcək 8 min könüllü müəyyən ediləcək. Qeydiyyatdan keçən 10 min könüllüdən 3 mini artıq müsahibə mərhələsindən keçib.
IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru və “Bakı-2017” könüllülərinin səfiri Elçin Səfərov Mərkəzə gələrək müsahibə prosesinin gedişi ilə tanış olub. Qeydiyyat prosesinin yaxın günlərdə başa çatdırılacağını bildirən E.Səfərov deyib: “Gənclərimiz hələ də qeydiyyat üçün müraciət edirlər. Lakin yaxın günlərdə qeydiyyat üçün ayrılmış vaxt başa çatır. İndiyədək lazım olandan çox könüllü müraciət edib. Azərbaycanda bu günədək ümumilikdə 50 minə yaxın gənc könüllü kimi müxtəlif tədbirlər üçün qeydiyyatdan keçib. Bu da sevindirici haldır. Könüllülük beynəlxalq təcrübədir və gələcəkdə karyera üçün gözəl şansdır”.
Mərkəzdə IV İslam Həmrəylik Oyunlarının könüllülük proqramı çərçivəsində gənclərin ingilis dilində ünsiyyət qurmaq bacarıqlarının inkişaf etdirilməsi üçün ödənişsiz dil kursları fəaliyyət göstərir. Kurs üçün qeydiyyatdan keçən 717 nəfərdən 160-ı artıq dərslərdə iştirak edir.
“Bakı-2017”nin könüllülük proqramına oktyabrın 17-dən start verilib.
Mayın 1-dək 16 yaşı tamam olacaq bütün şəxslər könüllülük proqramına qoşula bilərlər.