CƏMİYYƏT
DOST Agentliyi: 1 ildə 100 min vətəndaşa “bir pəncərə”dən 132 növdə xidmət və 96 faiz vətəndaş məmnunluğu
Bakı, 9 may, AZƏRTAC
Prezident İlham Əliyevin Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və onun 1 saylı DOST mərkəzinin (Səbail, Yasamal) açılışının bu gün 1 ili tamam olur.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi ölkəmizdə dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına imkan verdi. DOST artıq Azərbaycanın yeni brendinə çevrilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, DOST layihəsi üzrə bir il ərzində 100 min vətəndaşa əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növdə xidmət “bir pəncərə”dən, tam şəffaf şəraitdə təqdim edilib. 96 faiz vətəndaş məmnunluğuna nail olunub. 330 mindən çox vətəndaş zəngi cavablandırılıb.
“Könüllü DOST” proqramı isə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır və könüllü DOSTların sayı artıq 300-ə çatıb.
DOST mərkəzləri şəbəkəsi getdikcə genişlənir. 2019-cu ilin dekabr ayında Bakının Xəzər rayonunda 2 saylı Bakı DOST mərkəzi (Xəzər, Pirallahı) açılıb.
Yaxın günlərdə isə paytaxtın Nizami rayonunda 3 saylı DOST mərkəzi açılacaq.
Bu il, həmçinin Binəqədi, Abşeron, Quba və Bərdə rayonlarında, Sumqayıt şəhərində DOST mərkəzlərinin təmir-tikinti işlərinə başlanılmaqla bu işlərin sürətlə aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.