DOST Agentliyində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş olub
Bakı, 2 fevral, AZƏRTAC
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İlahə Baxışova ilə görüşüb.
Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, Fərid Məmmədov müsabiqənin qalibini təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. İdarə Heyətinin sədri DOST konsepsiyası, DOST mərkəzlərində əhaliyə göstərilən xidmətlər, əmək, məşğulluq, sosial müdafiə sahələrində son illərdə aparılan ardıcıl islahatlar və qarşıya qoyulan hədəflər barədə məlumat verib.
İlahə Baxışova dəvət üçün təşəkkürünü bildirib, belə görüşlərin əhəmiyyətini qeyd edib.
Daha sonra İlahə Baxışova DOST Mərkəzində xidmət prosesi ilə tanış olub. Ona mərkəzdə göstərilən xidmətlər barədə məlumat verilib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti - sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.