Dövlət Film Fondunda kinorejissor Nicat Feyzullayevin xatirəsi anılıb
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 28-də Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir kinorejissor Nicat Feyzullayevin yaradıcılığına həsr olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, N.Feyzullayevi nəcib insan, istedadlı rejissor, ziyalı və vətəndaş kimi xarakterizə edib.
Sonra Xalq artisti, kinorejissor Ramiz Həsənoğlu, Əməkdar artist, kinorejissor Elxan Qasımov, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Nizami Abbas, Xalq artisti, kinoaktyor Şamil Süleymanlı çıxış edərək rejissor haqqında xatirələrini bölüşüblər.
Ailə üzvləri adından Məhərrəm Məhərrəmov tədbirin təşkilində göstərdiyi təşəbbüsə görə Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Sonda kinorejissor Nicat Feyzullayevin “Azərbaycan rəngkarlığının kraliçası” (2009) sənədli filmi nümayiş olunub.