CƏMİYYƏT
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İran İslam Respublikasının vətəndaşı Pərviz Firuz oğlu idarə etdiyi “KrAZ” markalı, TEH-58067/8 nömrəli yük maşını ilə İrandan Masallı şəhərinin, Soybətin küçəsində yaşayan Əlihüseynov Məmmədəli Xaliq oğlunun ünvanına gömrük yük sənədlərinə əsasən gətirdiyi kartof yükünü boşaldarkən, yükə gömrük baxışı nəticəsində üst və ətrafları kartofla əhatələnmiş altmış ədəd kisənin içərisində 1255 qutu “Dərya” yuyucu tozları, otuz dörd ədəd kisənin içərisində isə metal qutularda 640,8 kiloqram bitki yağları aşkar edilmişdir.
X X X
Biləsuvar gömrükxanasının rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində Biləsuvar sərhəd nəzarət buraxılış məntəqəsinin yaxınlığından İran İslam Respublikasına qaçaq yolla 5000 ədəd “AUDİO-VİDEO” diskləri keçirmək istəyən Azərbaycan vətəndaşı Babayev Əfsun Ələkbər oğlu və İran vətəndaşı Hüşyar Həmzə Pərviz oğlu yaxalanmışlar.
X X X
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Malayziyadan Bakıya “İran Air” aviareysi ilə Ədalət Əstanovun adına avia qaimə ilə göndərilmiş 100 kiloqram çəkidə “Kompüter hissələri” adlı yükə gömrük nəzarəti həyata keçirilmiş, baxış zamanı qaimədə göstərilmiş “Kompüter hissələri” adlı yüklərin içərisindən respublikaya idxalı qadağan olunmuş 8100 ədəd pornoqrafik kinofilmləri əks etdirən videodisklər aşkar olunaraq götürülmüşdür.
X X X
Xaçmaz gömrükxanasının “Samur” gömrük postunda “Karaca markalı A846EH 05/Rus və “İkarus” markalı H289AA05/Rus dövlət nömrə nişanlı “Mahaçqala-Zaqatala” və “Mahaçqala-Bakı” sərnişin avtobuslarına gömrük nəzarəti həyata keçirilərkən sürücü Nizami Əbubəkir oğluna və sərnişin Quliyeva Səadət Vəliqulu qızına məxsus, ölkə ərazisinə gizli keçirməyə cəhd göstərdikləri 6310 qutu xarici siqaretlər aşkar edilərək götürülmüşdür.
Bütün faktlar üzrə təhqiqat aparılır.