DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ GÖRÜŞ
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komitənin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev “Azərbaycan Respublikasında gömrük xidmətinin təkmilləşdirilməsi” layihəsinin baş məsləhətçisi Kolin F.Stringer, bu məqsədlə respublikamıza dəvət olunmuş beynəlxalq ekspertlər Aleksandr Rişelye və Uğur Özgörker ilə görüşmüşdür.
DGK sədri Azərbaycan gömrük xidmətinin 14 il ərzində keçdiyi inkişaf yolundan danışmış, qazanılan nailiyyətlərin davamlı olması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin intensivləşdirilməsini də zəruri amillərdən biri kimi səciyyələndirmişdir. O, məlumat vermişdir ki, ötən müddətdə sistemin formalaşması üçün ölkəmizdə çox böyük işlər görülmüşdür. Beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirilmiş, Azərbaycan gömrük sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. 9 il əvvəl isə ilk dəfə olaraq Gömrük Məcəlləsi qəbul edilmişdir. Bütün bunlara görə də qanunvericilik bazasının təkmilləşdirilməsi zərurəti yaranmışdır.
Aydın Əliyev bu məqsədlə təcrübəli ekspertlərin respublikamıza gəlişini yüksək qiymətləndirmişdir.
Baş məsləhətçi Kolin F.Stringer keçən görüşdən bu günə qədər görülən işlər barədə Aydın Əliyevə məlumat vermiş, yeni məcəllədə informasiya texnologiyalarının tətbiqi məsələlərinin öz əksini tapması istiqamətində konkret işlərin həyata keçirildiyini vurğulamış, eyni zamanda, layihənin ilkin mərhələsinin yekunlaşdığını diqqətə çatdırmışdır.
Beynəlxalq ekspert Aleksandr Rişeyle, bir neçə ölkənin gömrük məcəlləsinin hazırlanmasında iştrak edən bir mütəxəsis kimi qeyd etmişdir ki, ümumiyyətlə, yeni variantın ərsəyə gətirilməsində biz yerli ekspertlərin fikirlərini daha yaxından öyrənəcəyik. Çünki hər bir ölkənin öz xüsusiyyətləri vardır. Yeni Gömrük Məcəlləsinin hazırlanmasında əsasən üç amil - dövlətin iqtisadi təhlükəsizliyi, davamlı iqtisadi inkişaf, Lissabon və Budapeşt konfranslarının strategiyaları, eləcə də Avropa İttifaqının Gömrük Məcəlləsinin, Kioto Konvensiyasının prinsipləri nəzərə alınmalıdır. Ekspert yeni Gömrük Məcəlləsinin beynəlxalq standartlara cavab verəcəyinə əminliyini ifadə etmişdir.
Uğur Özgörker Gömrük Məcəlləsinin daha təkmil variantının hazırlanması üçün təcrübəli mütəxəssis kimi əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin hüquq mühafizə orqanları ilə iş bölməsinin rəhbəri Məzahir Əfəndiyev iştrak etmişdir.