CƏMİYYƏT
Dövlət Komissiyasının katibi: Ekshumasiya elmi əsaslara uyğun aparılmalıdır
Bakı, 23 may, AZƏRTAC
Vətən müharibəsində əldə edilmiş tarixi zəfərdən sonra qarşımızda yeni imkanlar açılıb və Prezident İlham Əliyev tərəfindən Dövlət Komissiyasının qarşısında yeni vəzifələr müəyyən edilib. Dövlət Komissiyası aidiyyəti dövlət qurumları ilə birlikdə bu vəzifələrin icrası üçün zəruri işləri davam etdirir. Qeyd olunan vəzifələr sırasında ən əsası işğaldan azad edilmiş ərazilərimizdə Dövlət Komissiyasına məlum olan məzar yerlərində qazıntı və ekshumasiya işlərinin aparılmasıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov Bakıda keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, 2022-ci ildə Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerlərində qazıntı işlərinin aparılması işini Dövlət Komissiyasının tarixində yeni açılmış səhifə kimi qiymətləndirmək olar: “Dövlət Komissiyasının sədri Əli Nağıyevin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarına aid olması ehtimal edilən məzar yerlərində 2022-ci ilin fevral ayından insan qalıqlarının ekshumasiyasına başlanıb”.
İsmayıl Axundov xatırladıb ki, itkin düşmüş şəxslərə aid məzar yerlərinin qazılması sahəsində ilk qazıntı isə 2019-cu ildə İmişli rayonunda tanınmadan dəfn edilmiş şəhidlərə aid məzarlıqda, 2021-ci ilin fevralında Şuşa rayonunun Daşaltı kəndində aşkar edilmiş kütləvi məzarlıqda həyata keçirilib. “Bu bizim ilk təcrübəmiz idi. Ancaq ötən ildən etibarən biz bu işə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun mütəxəssislərini də cəlb etmişik. Tapılmış meyit qalığının kimə aid olmasının müəyyən edilməsi ekshumasiyanın elmi əsaslara uyğun aparılmasından çox asılıdır”, - deyə Dövlət Komissiyasının katibi vurğulayıb.