Dövlət Miqrasiya Xidməti pandemiya dövründə bir sıra xidmətləri elektron qaydada göstərib
Bakı, 20 may, AZƏRTAC
Bütün dünyada olduğu kimi, Azərbaycanda da pandemiya ilə ciddi mübarizə aparılır.
Koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı ilə tərkibində Dövlət Miqrasiya Xidmətinin (DMX) nümayəndəsinin də təmsil olunduğu Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sistemli tədbirlər görülməklə yanaşı, miqrasiya məsələləri də diqqətdə saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu mayın 20-də DMX-nin rəisi Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirilən onlayn mətbuat konfransında deyib.
V.Hüseynov qeyd edib ki, pandemiya dünyada miqrasiya proseslərinə də təsirsiz ötüşməyib. Bu gün sosial izolyasiya və evdə qalmaqdan danışırıqsa, insanların yerdəyişmə istəkləri məhdudlaşdırılır. Bu dövrdə Xidmət operativ uyğunlaşma həyata keçirməyə çalışdı. Ölkədə bir kontingent müvafiq yaşama icazəsi olanlardır, burada davamlı yaşayanlardır. Karantin müddətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması, onların rahatlığının təmini məqsədilə DMX tərəfindən bir sıra xidmətlər yalnız elektron qaydada həyata keçirilib və müvafiq sənədlər elektron poçt vasitəsilə göndərilib.