Dövlət Miqrasiya Xidmətinin elektron xidmətlərinə 11 min 881 müraciət daxil olub
Bakı, 17 aprel, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi məqsədilə zəruri tədbirlər görülür.
DMX-dən AZƏRTAC-a bildirilib ki, ölkəmizdə xüsusi karantin rejimi müddətində hərəkət məhdudiyyətinin tətbiq edilməsi ilə əlaqədar hazırda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinə müraciətləri yalnız elektron qaydada (https://eservice.migration.gov.az) həyata keçirilir. Buraya əcnəbilərin ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşama, iş icazələrinin alınması (uzadılması), o cümlədən dövlət rüsumunun ödənilməsi və digər elektron xidmətlər daxildir.
Əvvəlki dövrlə müqayisədə əcnəbilər tərəfindən e-xidmətlərdən istifadədə dinamik artım var. Təkcə bu ilin mart ayında DMX-nin elektron xidmətlərindən istifadə sayı 11 min 881 olub. Statistik göstəricilərə görə müraciətlərin 8627-si olduğu yer üzrə qeydiyyat, 2570-i müvəqqəti olma müddətinin uzadılması, 563-ü müvəqqəti yaşama icazəsi, 106-sı iş icazələri, 15-i isə daimi yaşama icazəsi ilə bağlıdır.
Qeyd edək ki, koronavirus infeksiyasının (COVID-19) yayılması nəticəsində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq, müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sənəd qəbulunun sadələşdirilməsi və icazə prosedurunun optimallaşdırılması həyata keçirilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.