Dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu keçiriləcək
Bakı, 24 noyabr, AZƏRTAC
Dekabrın 1-3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və digər qurumların iştirakı ilə UNEC İqtisadi Forumu-Bakı 2021 keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, forum rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı postpandemiya dövrü üçün müəyyən olunan mərhələləri, eləcə də Azərbaycanın sosial-iqtisadi transformasiyalarını əhatə edən müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, forum aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda, təcrübəli sənaye mütəxəssislərini bir araya gətirəcək.
Forumda professorlar Aziz Sancar və Muhammad Yunus kimi Nobel laureatları, həmçinin özəl və dövlət təşkilatlarının rəhbərləri, yerli və beynəlxalq sənaye ekspertləri iştirak edəcəklər.
UNEC İqtisadi Forumunun əsas devizi “Zəfər yolu” olaraq müəyyənləşdirilib. Tədbir çərçivəsində “Dəyişən qlobal iqtisadi sistemdə necə üstün mövqe tutmalı”, “Qlobal iqtisadi artım üçün əsas problemlər”, “Yüksək texnologiyalı istehsal ekosistemi”, “İqtisadiyyatın rəqəmsal transformasiyası”, “Yaşıl iqtisadiyyat və davamlı inkişaf”, “Sosial təminat”, “Biznes”, “Postpandemiya dövrünün iqtisadi çətinlikləri”, “Pandemiya sonrası biznesin transformasiyası”, “Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış” mövzuları üzrə müzakirələr aparılacaq.
Forum çərçivəsində “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar”, “Postpandemiya dövründə elm və təhsil”, “İqtisadiyyatın rəqəmsal transformasiyası: yeni çağırışlar, yeni imkanlar”, “Postpandemiya dövründə biznes transformasiyası”, “Qarabağa Böyük Qayıdış: dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” mövzularında panel iclaslar təşkil olunacaq.
Konfrans iştirakçıları dekabrın 4-də Qarabağa səfər edəcəklər.
Tədbirlə bağlı ətraflı məlumatı unecforum.az saytından əldə etmək mümkündür.