Dövlət Proqramı Tərtərdə tingçiliyin inkişafına yeni imkanlar açır VİDEO
Tərtər, 20 iyul, AZƏRTAC
Ölkəmizdə kənd təsərrüfatının mühüm sahələrindən olan bağçılıq və tingçiliyin inkişafı dövlətin diqqət mərkəzindədir. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda bağçılığın inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Sənəddə intensiv bağların genişləndirilməsi, müasir suvarma sistemlərinin tətbiqi və məhsuldarlığın artırılması ilə yanaşı, tingçiliyin inkişafı üzrə hüquqi, institusional və dəstək tədbirlərinin hazırlanması və icrası da nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, meyvə və dekorativ tingçilik üzrə ixtisaslaşmış rayonlardan biri olan Tərtərdə fermerlər həm daxili bazarın tələbatının ödənilməsinə, həm də yeni meyvə bağlarının salınmasına töhfə verirlər. Rayonda yetişdirilən tinglər respublikanın demək olar ki, bütün bölgələrinə göndərilir.
Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov bildirib ki, son illər rayonda meyvə bağları və tingçilik təsərrüfatlarının sahəsi genişlənir. Fermerlər intensiv bağçılığa, eləcə də keyfiyyətli, sertifikatlaşdırılmış tinglərin yetişdirilməsinə üstünlük verirlər.
Onun sözlərinə görə bol və keyfiyyətli məhsulun təməli məhz sağlam tingdən başlayır. Təkcə ötən il rayonda 2 milyon 955 mindən çox meyvə, 850 mindən artıq dekorativ ting yetişdirilib. Həmin tinglər həm Tərtərdə, həm də ölkənin digər bölgələrində salınan yeni bağlarda istifadə olunur.

Tərtərdə uzun illərdir bu sahə ilə məşğul olan fermerlərdən biri də Natiq Məmmədovdur. O, 25 ildir ki, tingçiliklə məşğul olduğunu və dövlət dəstəyi sayəsində təsərrüfatını ildən-ilə böyütdüyünü vurğulayır: "Tingçiliyə ilk dəfə cəmi 1 hektar sahə ilə başlamışdım. Dövlət tərəfindən ayrılan güzəştli kreditlər və subsidiyalar sayəsində hər il sahələrimizi daha da genişləndirdik. Təsərrüfatımızda müasir damlama suvarma sistemlərini tətbiq edirik. Həm yerli, həm də xarici calaqaltılardan istifadə edərək zəngin sort çeşidi alırıq".
Fermerin sözlərinə görə təsərrüfatda almanın 20-dən çox, gilasın isə 30-a yaxın müxtəlif sortu yetişdirilir. Alma, armud, heyva və digər meyvə tinglərinə tələbat yüksəkdir. Tinglərin qiyməti növündən asılı olaraq 3-7 manat arasında dəyişir və satış birbaşa təsərrüfatdan həyata keçirilir.
Beləliklə, tərtərli fermerlərin illər ərzində qazandıqları təcrübə, müasir aqrotexniki üsulların tətbiqi və dövlətin aqrar sahəyə göstərdiyi dəstək rayonda tingçiliyin davamlı inkişafına əlverişli zəmin yaradır. Burada yetişdirilən keyfiyyətli tinglər isə respublikanın müxtəlif bölgələrində salınan yeni meyvə bağlarının əsasını təşkil edərək, Tərtərin ölkənin aparıcı tingçilik mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.
Müxbir – Tahir Ağaməmmədov