SİYASƏT
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” mövzusunda təlim keçirilmişdir
Bakı, 3 iyun (AZƏRTAC, Samirə Allahverdiyeva). İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkilatçılığı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” mövzusunda təlim keçirilmişdir.
Təlimin gündəliyinə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi sistemi, tapşırıqların müəyyən edilməsi – praktiki tapşırıq, meyarların mühümlük dərəcəsinin müəyyən edilməsi daxildir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq şöbəsinin müdiri Vüqar Əsgərov təlimdə müzakirə olunacaq mövzular barədə məlumat vermişdir. Bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq Komissiya tərəfindən təsdiq edilən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın tətbiqinin daha səmərəli təmin edilməsi məqsədilə keçirilən təlim dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin aparılması prosesi, qiymətləndirmə üzrə hüquq və vəzifələr, qiymətləndirmənin nəticələri üzrə tətbiq edilən tədbirlər və digər mövzuları əhatə edir.
V.Əsgərov, həmçinin vurğulamışdır ki, təlimlər dövlət orqanlarında şöbə və sektor müdiri vəzifələrində çalışan şəxslərin qiymətləndirmə ilə bağlı maarifləndirilməsini təmin etməkdir. Qiymətləndirmə il ərzində aparılır və ilin sonunda dövlət qulluqçularının xidməti fəaliyyətinə qiymət veriləcəkdir. Qiymətləndirmənin sonunda onların mükafatlandırılması da nəzərdə tutulur.
Daha sonra çıxış edən Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn qeyd etmişdir ki, təlim Azərbaycanda ilk dəfədir ki, keçirilir. Bu təlimləri keçirmək üçün beynəlxalq təcrübə kifayət qədər öyrənilmiş, lakin praktiki olaraq həyata keçirilməmişdir. A.Hüseyn, həmçinin əlavə etmişdir ki, təlim kadrların qiymətləndirilməsi baxımından əhəmiyyətli olacaqdır. Obyektivliyin və şəffaflığın əsas prinsiplərindən olan təlimdə hər insan özünün nəyi, necə inkişaf etdirəcəyini bilməlidir.
Almaniyanın Dövlət Qulluqçuları Federasiyasının Təlim və Araşdırmalar Akademiyası idarə heyətinin üzvü Hans Rieger təlimin vacibliyindən danışmış, maraqlı mövzular ətrafında aparılan diskussiyanı yüksək qiymətləndirmişdir.
Almaniya və Polşadan olan mütəxəssislərin iştirakı ilə keçirilən təlimlər iyunun 4-dək davam edəcəkdir.
Təlimlərdə 37 dövlət orqanından 57 dövlət qulluqçusu qiymətləndirmə prosesində iştirak edəcəkdir.