Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında gənc kursantların andiçmə mərasimi kеçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında gənc kursantların andiçmə mərasimi kеçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra DSX-nin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılıb.
DSX Akademiyasının rəisi polkovnik Aqil Babayev tədbirdə çıxış edərək mərasimin ölkəmizin şanlı qalibiyyətinin, ərazi bütövlüyümüzün bərpa edildiyi 44 günlük Vətən müharibəsinin birinci ildönümü dövrünə təsadüf etməsi ilə əlamətdar olduğunu vurğulayıb. Şanlı tariximizin ən böyük sərkərdəsi, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbə qazandığı, torpaqlarımızın işğaldan azad edildiyi, üçrəngli zəfər bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığı diqqətə çatdırılıb. Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra edildiyi, sərhədçilərin qəhrəmanlıq və igidlik nümunələri göstərdikləri, qalibiyyət dastanı yazdıqları qeyd olunub.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin, o cümlədən Dövlət Sərhəd Xidmətinin heyəti arasında şəhadət zirvəsinə ucalan qəhrəmanlarımızın sırasında DSX Akademiyasının məzunu olmuş 4 zabitimizin “Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldüyü vurğulanıb. Xalqımıza Qələbə sevincini yaşatmış şəhidlərimizin fədakarlığının yaddaşlardan heç zaman silinməyəcəyi, onların qəhrəmanlıq mirasının gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daim uca tutulacağı qeyd edilib.
Çıxışda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə yaradılmış DSX Akademiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdirilməsini təmin edən, yüksək standartlara cavab verən şəraitin, güclü elmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pedaqoji heyətin olduğu qeyd olunub. Həmçinin Vətənə, dövlətə sədaqət andı içən gənc kursantların sərhədçi adını şərəflə daşıyacaqlarına, təhsildə və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik bildirilib.
Gənc kursantlar adından Azər Əlizadə çıxış edərək şəhidlərimizin qanı və canı bahasına azad olunmuş torpaqlarımızda şərəflə xidmət edəcəklərinə, üçrəngli müzəffər bayrağımızın dalğalandığı bütöv Azərbaycanın hüdudlarında dövləti maraqları ən yüksək səviyyədə qoruyacaqlarına söz verib.
Mərasim başa çatdıqdan sonra gənc kursantlar İkinci Fəxri xiyabanda şəhidlərin məzarlarını ziyarət edib, Hərbi Qənimətlər Parkında olublar.