Dövlət Sərhəd Xidmətinin Akademiyasında gənc kursantların andiçmə mərasimi olub VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin Akademiyasında (DSX) gənc kursantların andiçmə mərasimi keçirilib.
Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra ölkəmizin ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Akademiyanın rəisi general-mayor Azər İbrahimov çıxış edərək şanlı tariximizin ən böyük sərkərdəsi, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Ermənistanı üzərində parlaq Qələbə qazandığını, torpaqlarımızın işğaldan azad edildiyini, üçrəngli zəfər bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığını, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğunu, sərhədçilərin qəhrəmanlıq və igidlik nümunələri göstərdiklərini xüsusi vurğulayıb. Vətən müharibəsində DSX-nin şəxsi heyəti arasında şəhadət zirvəsinə ucalan qəhrəmanlarımızın sırasında Akademiyanın məzunu olmuş dörd zabitinin “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyü diqqətə çatdırılıb. Bizlərə Qələbə sevincini yaşatmış şəhidlərimizin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, onların qəhrəmanlıq mirasının Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq gələcək nəsillər tərəfindən daim uca tutulacağı qeyd edilib.
Çıxışda Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə inşa edilmiş DSX-nin Akademiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin olunması üçün vətənpərvər, savadlı, peşəkar kadrların yetişdirilməsində böyük rolu olan, yüksək standartlara cavab verən şəraitin, güclü elmi-tədris bazasının və ixtisaslı hərbi-pedaqoji heyətin olduğu qeyd edilib. Eyni zamanda, Vətənə, dövlətə sədaqət andı içən gənc kursantların sərhədçi adını şərəflə daşıyacaqlarına, təhsildə və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik bildirilib.
Kursant Murad Məmmədov gənc kursantlar adından çıxış edərək şəhidlərimizin qanı və canı bahasına azad olunmuş torpaqlarımızda şərəflə xidmət edəcəklərinə, üçrəngli müzəffər bayrağımızın dalğalandığı bütöv Azərbaycanın hüdudlarında dövlət maraqlarını ən yüksək səviyyədə qoruyacaqlarına söz veriblər.