Dövlət Vergi Xidmətinin Şamaxı tədris mərkəzində KİV təmsilçiləri üçün təlim keçirilib
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Dövlət Vergi Xidmətinin Şamaxı tədris mərkəzində KİV təmsilçiləri üçün təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimdə Azərbaycanda vergi sisteminin formalaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri barədə geniş məlumat verilib.
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev bildirib ki, vergi sistemində iqtisadi islahatlar əsasən 1993-1999-cu illəri əhatə edir.
Belə ki, həmin dövrdə Vergilər Nazirliyi yaranır və vergi iqtisadiyyatın ayrılmaz tərkibinə çevrilir, bazar iqtisadiyyatı vergi ilə tənzimlənir. Ulu Öndərin xidmətlərindən biri də mütərəqqi vergi qanunvericiliyinin yaradılması idi. Məhz 1993-cü ildən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə ölkədə böyük islahatlara start verildi.
İ.Qarayev qeyd edib ki, artıq 2000-ci ildə Vergilər Nazirliyi mərkəzi icra orqanı kimi fəaliyyətə başladı, 62 Ərazi Vergi Departamenti yaradıldı. Sonrakı dövrdə isə vergilər dövlət büdcəsinə tam səfərbər oldu, müvafiq xidmətlər formalaşmağa başladı, inzibati idarəetmə yaxşılaşdı.
Nəzərə çatdırılıb ki, hazırda vergi daxilolmaları dövlət büdcəsinin 50 faizindən çoxunu təşkil edir. Ümumilikdə isə “kölgə iqtisadiyyatı”na və vergidən yayınmaya qarşı təsirli tədbirlər həyata keçirilir.