Dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tədbirlər vətəndaşların rifahının yaxşılaşdırılmasına yönəlib
Bakı, 18 aprel, AZƏRTAC
Koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin tapşırığı ilə iş yerlərinin və əməkhaqlarının qorunması istiqamətində də müvafiq təxirəsalınmaz tədbirlər gerçəkləşdirilir. Misal üçün, dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması üçün məqsədyönlü işlər aparılıb, eləcə də elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, ötən dövrdə əmək müqaviləsi sayında azalma deyil, əksinə artım baş verib. Belə ki, 1-17 aprel tarixləri arasında 55 min artım, 1 yanvar-17 aprel müddətində isə 77 min artım olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Ekspert qeyd edib ki, İqtisadiyyat Nazirliyinin məlumatına görə, 300 min muzdlu işçinin əməkhaqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. Bu xüsusda əhalinin məşğulluq imkanlarının artırılması prosesində də təxirəsalınmaz işlər reallaşdırılmaqdadır. Belə ki, məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. Təkcə DOST İş Mərkəzi vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb və artıq 5 min şəxs işə cəlb edilib. Əlbəttə ki, Prezident İlham Əliyevin qərarları ardıcıllıq fonunda həyata keçirilir və bu ardıcıllıq funksiyasında o da bəlli olub ki, görülən tədbirlər nəticəsində ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər.
B.Quliyev qeyd edib ki, dövlət işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslər barədə də fəaliyyətini davam etdirir və ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Prezident İlham Əliyev qeyd edib ki, birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Bu müddət aprel və may aylarını əhatə edəcək. Növbəti mərhələdə isə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və müvafiq uçot yaradılacaq. Bir sözlə, dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tədbirlər Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılmasına yönəlib.