DST nümayəndəsi COVID-19 haqqında: Yaxın həftələr Avropa üçün həlledici olacaq
Bakı, 17 aprel, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosunun direktoru, doktor Hans Klügge Cenevrədə brifinqdə belə bir xəbərdarlıq edib: "Nəzərə alın ki, yaz havasına baxmayaraq, biz qasırğanın episentrindəyik". Regionda COVID-19-a yoluxma hallarının sayı son 10 gündə iki dəfə artaraq təqribən bir milyon nəfərə çatıb, 84 min adam dünyasını dəyişib. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Klügge pandemiya ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərin zəiflədilməsi üçün tələsik tədbirlərdən çəkindirib.
DST-nin regional bölməsinin başçısı bildirib ki, bir sıra ən çox zərər çəkmiş ölkələrdə - Almaniya, İtaliya, İspaniya, Fransa və İsveçrədə COVID-19-a yoluxma sürəti son həftələr yavaşıyıb. Lakin o, təşvişlə qeyd edib ki, virus Belarus, Böyük Britaniya, Rusiya, Türkiyə və Ukraynada sürətlə yayılır. DST-nin Avropa bürosunun direktoru Hans Krügge xəbərdarlıq edib ki, yaxın həftələr Avropa üçün həlledici olacaq.
Doktor Klüqqe vurğulayıb: "Sayıqlığı əsla itirmək olmaz. Lakin məsafəyə riayət etmək, karantin rejimi və infeksiyanın ötürülməsinin qarşısının alınmasına dair digər çəkindirici tədbirlər insanların həyatına və onların qazancına təsir göstərir. Hökumətlər və səhiyyə orqanları xalqa izah etməlidirlər ki, keçid nə zaman, hansı şəraitdə və necə rəvan şəkildə baş verə bilər".
Klügge xəbərdarlıq edib ki, "sürətli qələbə olmayacaq". Mürəkkəb və gözlənilməz vəziyyətlə qarşı-qarşıyayıq. Belə vəziyyət, ola bilsin, iş əsnasında tələsik düzəlişlər tələb edəcək. Məhdudiyyətləri tədricən, atılacaq addımların səmərəliliyini və xalqın reaksiyasını daim izləməklə zəiflətmək lazımdır.
"Sonunda virusun yayılma sürəti bizim özümüzü necə aparacağımızdan asılı olacaq", -deyən Klügge məhdudiyyətlərin zəiflədilməsi üçün zəruri olan altı şərti açıqlayıb:
∙ virusun ötürülməsinin nəzarətə götürülməsi təsdiq edilib;
∙ səhiyyə sistemi şübhəli halları üzə çıxarmağın, təcrid etməyin, xəstə insanları testdən keçirməyin, onların əlaqələrini izləməyin və karantinə yerləşdirməyin öhdəsindən gəlir;
∙ virus riskinin xüsusilə yüksək olduğu yerlərdə xəstəlik ocağının yaranması təhlükəsi minimuma endirilib;
∙ iş yerlərində profilaktika, o cümlədən ətrafdakılardan məsafədə işləmə, əlləri yuma və s. üçün şərait yaradılıb;
∙ ölkə kənardan gətirilən infeksiyanın qarşını alan tədbirlər görməyə hazırdır;
∙ cəmiyyətin səs hüququ var və o, keçid prosesinə qoşulub.
"Əgər bu şərtləri yerinə yetirə bilmirsinizsə, məhdudiyyətləri zəiflətməzdən əvvəl yaxşı düşünməlisiniz!", - deyə Klügge vurğulayıb.
Avropa bürosunun başçısı daha sonra deyib: "COVID-19 aman nədir bilmir. O, Avropada hətta ən möhkəm səhiyyə sistemlərini sıradan çıxara bilər". O, bütün ölkələri, xüsusən məhdudiyyətləri tədricən aradan qaldıran və koronavirusa qarşı mübarizənin yeni fazasına keçən ölkələri bir-birinin təcrübəsindən faydalanmağa çağırıb.
Doktor Klügge bir daha xəbərdarlıq edərək deyib: "Biz hamımız hələ də qasırğanın episentrindəyik. Lakin biz öz səmərəliliyini artıq sübuta yetirmiş tədbirlər görsək, COVID-19-a yoluxma şübhəsi olan hər bir insanı üzə çıxarıb karantinə yerləşdirsək və testdən keçirsək, xəstələrlə sıx təmasda olan hər kəsi karantinə yerləşdirsək və onların sağlamlıq durumunu müşahidə altında saxlasaq, ehtiyacı olanlara qulluğu təmin etsək, onda virusu dayandıra bilərik".