CƏMİYYƏT
DSX: İrandan Azərbaycana narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 27 fevral, AZƏRTAC
Son günlər dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən uğurlu əməliyyatlar davam etdirilir, narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınır.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, fevralın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində bir nəfərin qeyri-qanuni yolla dövlət sərhədini pozması barədə məlumat daxil olub. Sərhəd pozucusunun müəyyənləşdirilməsi və saxlanılması istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı, 1975-ci il təvəllüdlü Tahiri Müqəddəm Rza Əbdüləli oğlu saat 12:45 radələrində dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.
Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən bel çantası, iki şüşə spirtli içki, narkotik maddə istifadə etmək üçün qəlyan və bir qram tiryək aşkarlanaraq götürülüb.
Dövlət sərhədinin pozulması ilə bağlı Astara Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı ilə əlaqədə olan Astara şəhər sakini, 1986-cı il təvəllüdlü Məmmədov Amil Nəhmət oğlu şübhəli şəxs qismində saxlanılıb.
İlkin araşdırma zamanı A.Məmmədov fevralın 23-də gecə saatlarında Astara rayonunun Ərçivan kənd sakini, 1986-cı il təvəllüdlü Hacıyeva Vüsalə Qurban qızı ilə birlikdə Astara rayonundakı İstisu adlanan əraziyə gəlmələri və İran vətəndaşı ilə görüşərək ondan narkotik vasitə aldıqlarını etiraf edib.
Daxili İşlər Nazırliyinin əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də V.Hacıyevanın yaşadığı evə baxış zamanı həyətyanı sahədə 2550 qram heroin, 540 qram marixuana, 300 qram “metamfetamin”, 64 ədəd “tropikamid mydrax”, 100 konvalyutda “preqabalin-150” aşkarlanaraq götürülüb.
Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.
İran vətəndaşı Tahiri Müqəddəm Rza Əbdüləli oğlunun 2005-ci ildə dövlət sərhədini pozduğuna və narkotik vasitələrin qaçaqmalçılığına görə DSX əməkdaşları tərəfindən saxlanılaraq məhkum edilməsi, Hacıyeva Vüsalə Qurban qızının isə qəsdən adam öldürməyə görə məhkum olunması müəyyənləşib.
Fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.