DSX: İrandan Azərbaycana Xəzər dənizi ilə qaçaq yolla heroin gətirilməsinin qarşısı alınıb
Bakı, 25 fevral, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində 185 qram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, fevralın 19-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində Xəzər dənizindən 30 metr məsafədə sahildə sərhəd naryadı tərəfindən içərisində iki nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması müşahidə edilib.
Avtomobildən bir nəfər düşərək əraziyə yaxınlaşıb və orada gizli saxlanc yerindən gizlədilmiş əşyanı götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib. Avtomobildə olan hər iki nəfər sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı 185 qram heroin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1963-cü il təvəllüdlü Dadaşov Allahverdi Fərman oğlu və 1974-cü il təvəllüdlü Bağırov Vüqar Mirzağa oğlu olması müəyyənləşdirilib.
Araşdırma zamanı A.Dadaşov əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunaraq cəza çəkməsini və narkotik vasitənin Xəzər dənizindən qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsini etiraf edib.
Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.