Dubay KİV-ləri 28 May – Respublika Günü münasibətilə Baş konsulluğun bəyanatını dərc ediblər
Qahirə, 28 may, AZƏRTAC
Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynovun 28 May - Respublika Günü münasibətilə bəyanatı Dubay Əmirliyinin nüfuzlu KİV-lərində dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Dubaiglobal” və “Kalemtəlarab” nəşrlərində dərc olunmuş bəyanatda xalqımızın Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 103-cü ildönümünü torpaqlarımızın işğaldan azad edilməsi və şanlı Qələbə sevinci ilə qeyd edildiyi vurğulanır.
Bəyanatda qeyd olunur ki, AXC Azərbaycan xalqının azadlıq və müstəqil dövlət qurmaq arzularının təcəssümüm kimi öz tarixi missiyasını şərəflə yerinə yetirib, dövlət qurumları və parlament formalaşıb, dövlət bayrağı, himni və gerbi və sərhədləri təsdiq olunub, ana dili rəsmi dil elan edilib. Eyni zamanda, ordu quruculuğu, təhsil, mədəniyyət və digər sahələrdə mühüm işlər görülüb. Azərbaycanda ilk universitet fəaliyyətə başlayıb, bütün etnik qruplar və dinlərə mənsub olan insanlar üçün bərabər hüquqlar təmin edilib.
Baş konsulun bəyanatında diqqətə çatdırılıb ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı cəmi 23 il yaşamış AXC-nin ideyalarını davam etdirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz dərin böhrandan xilas olub, böyük inkişaf yoluna qədəm qoyub. “Ümummilli Liderimiz dəfələrlə bəyan edib ki, biz demokratik respublika qurulması istiqamətində AXC-nin ənənələrini davam etdiririk. O, Şərqdə ilk demokratik respublikanın qurulmasını xalqımızın bayramı adlandırıb”, -deyə bəyanatda vurğulanır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərimizi azad etməsindən də bəhs olunan bəyanatda qeyd olunur ki, dövlətimizin başçısı ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Diqqətə çatdırılır ki, 44 günlük Vətən müharibəsini Zəfərlə başa çatdıran Azərbaycanın lideri Cənubi Qafqaz regionunda inkişaf və əməkdaşlığın yeni üfüqlərini müəyyən edir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə