Dubayda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Birləşmiş Ərəb Əmirliyindəki səfirliyi tərəfindən Dubaydakı “Grand Hyatt” mehmanxanasında tədbir keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Azərbaycanın Dubaydakı baş konsulu, konsulluğun əməkdaşları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Dubaydakı nümayəndələri, Azərbaycan Beynəlxalq Bankının bu şəhərdəki ofisinin təmsilçiləri, burada yaşayan həmvətənlərimiz etmişlər.
Tədbirdə çıxış edən səfir Elxan Qəhrəmanov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də baş vermiş hadisə barədə danışmışdır. Səfir Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar siyasətindən danışmış, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək küçələrə və meydanlara çıxaraq buna etiraz bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun misli görünməmiş faciə törətdiyini bildirmişdir. Diplomat ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
E.Qəhrəmanov 20 Yanvar faciəsindən sonra o zamankı Azərbaycan rəhbərliyinin atdığı addımların cəsarətsizlik və siyasi təslimçilik nümayişi olduğunu vurğulamışdır. Bildirilmişdir ki, həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev vermişdir. Səfir dünyanın nüfuzlu KİV-lərin təmsilçiləri qarşısında verilən bu bəyanatın böyük əks-səda doğurduğunu qeyd etmişdir.
Sonra 20 Yanvar faciəsi ilə bağlı “Azadlığa gedən yollar” sənədli filmi nümayiş etdirilmişdir.