DÜNYA BANKI EKOLOJİ LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN AZƏRBAYCANA KREDİT AYIRMIŞDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, layihənin ümumi dəyəri 17,1 milyon ABŞ dollarıdır. Onun 8 milyonu Beynəlxalq İnkişaf Assosiasiyasının, 5 milyonu Qlobal Ekologiya Fondunun krediti və 2,72 milyonu Yaponiya hökumətinin qrantıdır. Azərbaycan tərəfinin layihədəki payı 1,38 milyon dollardır.
Azərbaycanın iki dağlıq bölgəsində biomüxtəlifliyin qorunub saxlanmasına, təbii ehtiyatların idarə olunmasına, meşələrin və otlaqların məhsuldarlığının artırılmasına yönəldilmiş layihə 3 tərkib hissədən ibarətdir. Birinci hissəyə Şahdağ Milli parkının yaradılmasının hüquqi əsaslandırılması, Ordubad Milli parkının ərazisinin genişləndirilməsi, parkların idarə olunmasına dair müasir təsisat və sistemlərin formalaşdırılması və həyata keçirilməsi daxildir. İkinci hissə çərçivəsində milli parkların ərazisində və ətrafında yaşayan əhaliyə kənd təsərrüfatı fəaliyyətində daha müasir üsullardan istifadə olunmasında kömək göstəriləcəkdir. Üçüncü hissədə həmin bölgələrin iqtisadi inkişafının maliyyə və texniki yardımlar yolu ilə sürətləndirilməsi metodları tətbiq olunacaqdır.
Layihə başa çatdıqdan sonra ümumi sahəsi 113 min hektar olan Şahdağ Milli parkı yaradılacaq, Ordubad parkının ərazisi isə 43 hektaradək genişləndiriləcəkdir. Həmin parkların ətraf ərazilərində mühafizə olunan zonalar yaradılması planı hazırlanacaq, 9 min hektar ərazidə yeni meşələr salınacaqdır. Layihə çərçivəsində kənd təsərrüfatı profilli 150-dən artıq kiçik və orta müəssisə yaradılacaqdır. Layihədə iştirak edən əhalinin azı 20 faizi burada işlə təmin olunacaqdır. Həmin müəssisələrdə müasir heyvandarlıqda tətbiq olunan ən yeni metodlardan istifadə ediləcəkdir.