DÜNYA BANKININ NÜMAYƏNDƏLƏRİ İLƏ MÜZAKİRƏLƏR APARILMIŞDIR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Heydər Babayev Dünya Bankının yoxsulluğun azaldılması və iqtisadi idarəetmə sektorunun direktoru Luka Barboni ilə görüşmüşdür.
Heydər Babayev qeyd etmişdir ki, Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə inkişaf edir, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da ölkə iqtisadiyyatındakı payı artır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, “Aqrolizinq” Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı məhsulu istehsalçılarına göstərdiyi xidmətlər qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafında olduqca əhəmiyyətlidir. Dövlət investisiya proqramı çərçivəsində həyata keçirilən infrastruktur layihələri də qeyri-neft sektorunun inkişafında əhəmiyyətli yer tutur.
Nazir son zamanlar Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın intensivləşdiyini və əlaqələrin inkişafında Bankın Bakı ofisinin mühüm rol oynadığını qeyd etmiş, Dünya Bankı ilə Azərbaycan arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirmişdir.
Luka Barboni Azərbaycanda ilk dəfə olduğunu və ölkəmizdə aparılan tikinti-quruculuq işlərindən məmnunluğunu ifadə etmişdir. O, hazırda Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi proseslərin təhlili ilə bağlı İqtisadi Memorandum hazırlandığını diqqətə çatdırmışdır. Sənəd Azərbaycan hökumətinə təqdim ediləcəkdir.
Bank təmsilçisi Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və problemlər, eləcə də büdcə xərcləri ilə də maraqlanmışdır.
Heydər Babayev Dünya Bankı tərəfindən hazırlanan İqtisadi Memorandumu müsbət qiymətləndirmiş və əlaqələrin inkişafında əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanda büdcə xərclərinin artması inflyasiyaya təsir göstərən amil kimi qiymətləndirilsə də, iqtisadi artım sürətini nəzərə aldıqda inflyasiyanın səviyyəsi yüksək deyildir. Bu isə iqtisadi alətlər üzərində ciddi nəzarətin və həyata keçirilən səmərəli monetar siyasətin nəticəsidir.
Cari il üçün əsas makroiqtisadi göstəricilərlə bağlı geniş fikir mübadiləsinin aparıldığı görüşdə Bankın ölkə üzrə meneceri Qreqori Yedrjeyçak və iqtisadçı Kristof Kastopulos da iştirak edirdilər.