Dünya ictimaiyyəti Xocalı faciəsinə biganə qalmamalıdır
Ağdam, 20 fevral (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatında Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, YAP rayon təşkilatının gənclər və idman idarəsi ilə birgə keçirdiyi tədbirdə ziyalılar, gənclər, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.
YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev, keçmiş döyüşçülər Oruc Cabbarov və Şamil Əbilov tədbirdə çıxış edərək, XX əsrin ən dəhşətli faciəsi və onun başvermə səbəbləri, Xocalının işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, erməni silahlılarının Xocalıda törətdikləri qırğın nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşiliklə qətlə yetirilmişdir. Səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər əlil olmuşdur. Onlardan 76-sı uşaqlardır. 1275 nəfər girov götürülmüş, 150 nəfər isə itkin düşmüşdür.
Çıxışlarda Xocalıda törədilənlər bəşəriyyətə qarşı ən amansız cinayət adlandırılmışdır. Vurğulanmışdır ki, dünya ictimaiyyəti Xocalıda törədilmiş terrora biganə qalmamalı, bu soyqırımında günahkar olanlar beynəlxalq aləmin qınaq obyektinə çevrilərək cəzalandırılmalıdır.