“DÜNYA KƏDƏR İÇİNDƏ” YENİ MİNİATÜR NƏŞRDİR
Cəmiyyətin sədri Zərifə Salahova AZƏRTAC-ın müxbirinə demişdir: Kədər içində yazılmış bu teleqram və məktublardan açıq-aydın görünür ki, Heydər Əliyevin vəfatı bütün dünya üçün əvəzsiz, ağır itkidir. Çünki dünya özünün böyük bir oğlunu, görkəmli dövlət xadimini, siyasi liderini itirmişdir. Elə bir lideri ki, təkrarsız şəxsiyyəti, parlaq dühası, iti zəkası, yenilməz iradəsi, qətiyyəti və əqidəsi ilə kamillik zirvəsinə yüksəlmiş, Vətənə, xalqa və haqqa xidməti həyatının mənası bilmişdi.
“Dünya kədər içində” cəmiyyətin çap etdiyi 17-ci miniatür kitabdır. İlk miniatür nəşrimiz 1994-cü ildə işıq üzü görmüşdü. Ona möhtərəm Heydər Əliyevin birinci dəfə prezident seçilərkən içdiyi andi daxil etmiş və “Vətənə, dövlətə, xalqa sədaqət andı” adlandırmışdıq. Ötən on il ərzində “Əsrin müqaviləsi”, ümummilli liderimizin ikinci andı, Azərbaycan Respublikasının Konstitusiyası, ATƏT-in zirvə görüşləri, Yeni Azərbaycan Partiyasının I qurultayı, 10 illik yubileyi ilə bağlı materiallar, “İstiqlal” ordeni almış siyasətçilər, Heydər Əliyevin üçüncü minilliklə əlaqədar müraciəti, xalqımızın böyük oğlunun 80 illiyi ilə bağlı dövlət başçılarının, hökumət, parlament və beynəlxalq təşkilatların rəhbərlərinin təbrik teleqramları və sair miniatür kitablar şəklində oxuculara çatdırılmışdır. Həmin kitablar Azərbaycan, rus və ingilis dillərində nəşr edilmişdir, bəziləri bir neçə cildlikdir.
Yeni kitab 55x60 millimetr ölçüdədir, “Allah rəhmət eləsin” sözləri ilə bitir, forzasında isə Azərbaycan Respublikasının mədəniyyət abidələri təsvir olunmuş xəritəsi verilmişdir.