DÜNYA TƏBİƏTİ MÜHAFİZƏ FONDU ÖLKƏMİZDƏBƏBİRLƏRİN MÜHAFİZƏSİ LAYİHƏSİNİ GERÇƏKLƏŞDİRİR
Fondun Azərbaycan nümayəndəliyinin direktor müavini Elşad Əsgərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, layihənin icrasına başlamazdan öncə, bu sahədə tanınmış mütəxəssis, biologiya elmləri namizədi Viktor Lukarevskinin rəhbərliyi ilə tədqiqat aparılmışdır. Teliklə Talış dağlarında, Naxçıvanda, Zəngəzur dağ silsiləsində, habelə İlisu qoruğunda bəbirlər müşahidə olunmuşdur.
Xatırladaq ki, nadir növ kimi, bu heyvan Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı kitablarına daxil edilmiş, ölkəmizdə onun ovlanması 1967-ci ildən qadağan olunmuşdur. Habelə, bu növ “nəsli kəsilmək təhlükəsində olan fauna və flora növlərinin beynəlxalq ticarətinə dair konvensiyasının” 1-ci əlavəsinə salınmışdır.
Dövlətimiz bəbirlərin ovlanmasının qarşısını almaq məqsədi ilə ciddi tədbirlər görür. Onu öldürən şəxs şərti maliyyə vahidinin 3 min misli qədər, təxminən 3600-3700 ABŞ dolları məbləğində cərimələnir. Hadisə xüsusi mühafizə olunan təbiət ərazisində baş verərsə, bu rəqəm 3 dəfə artırılır.
Bəbirin nəslinin kəsilməsinin əsas səbəbi insan fəaliyyətinin təsiri nəticəsində yaşayış arealının daralması, yırtıcı olduğuna görə kənd sakinləri üçün təhlükə törətməsi və qiymətli xəzinə görə brakonyerlər tərəfindən ovlanmasıdır.
Layihədən əsas məqsəd bəbir yaşayan ərazilərin mühafizəsini gücləndirməkdir. 2003-cü ildə Naxçıvanda 12 131 hektar ərazisi olan Ordubad Milli Parkı yaradılmışdır. Əvvəllər yasaqlıq olan və zəif mühafizə edilən bu ərazinin Milli Parka çevrilməsi çox əhəmiyyətli addımdır. Fond parkın mühafizə-patrul sistemi üçün 2 maşın və digər texnika ayırmışdır. Ötən il yaradılmış 21 435 hektar ərazisi olan Hirkan Milli Parkında 3-4 bəbirin yaşaması mümkün olduğundan bu ərazidə onların sayı artmaqdadır. Ümumiyyətlə, Azərbaycan qoruqların yaradılması, mühafizə olunan ərazilərin genişlərndirilməsi tədbirlərinə görə MDB və Şərqi Avropa ölkələri arasında liderdir.
Ərazisi geniş olan qoruqların yaradılması vəhşi heyvanların populyasiyasına ciddi təsir göstərir. Belə ki, bir bəbir ailəsinin yaşaması və ana bəbirin bala çıxarması üçün 10 min hektar ərazi lazımdır.
Layihə çərçivəsində əhalinin bu sahədə maarifləndirilməsi də nəzərdə tutulmuşdur. Plakatlar paylanmış, sovet dövründən qalan pioner düşərgələri bazasında məktəblilər üçün bir neçə günlük tənəzzöh keçirilmiş, biomüxtəlifliyin vəziyyəti haqqında məlumatlar verilmişdir.
Lakin bəbirlərin populyasiyasının artması ilə əhaliyə vurduğu ziyan da çoxalır. Belə ki, ötən il ev heyvanının bəbir tərəfindən tələf edilməsi ilə bağlı 20 nəfər müraciət etmişdir. Bununla əlaqədar fondun dəstəyi ilə kompensasiya proqramının icrasına başlanmışdır.