Dünya üzrə informasiya texnologiyaları xərclərində 10 faiz azalma gözlənilir
Bakı, 9 iyun, AZƏRTAC
Cari ildə dünyada biznes üçün informasiya texnologiyaları (IT) servis və xidmət xərcləri COVID-19 pandemiyasının nəticələri fonunda iqtisadiyyatın zəifləməsinə görə 10 faizdən çox azala bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Economic Times” nəşrinin “HfS Research” konsaltinq şirkətinin proqnozuna istinadən məlumatında deyilir.
Proqnoza görə, koronavirusun təsiri nəticəsində Qərbi Avropa və Şimali Amerikanın əsas bazarlarında ÜDM göstəricisi 10-15 faiz azalacaq. Nəticədə təşkilatlar tərəfindən informasiya texnologiyaları xidmətləri üçün xərclər kəskin azalacaq.
“HfS” ekspertlərinin fikrincə, iqtisadiyyatın epidemiyadan əvvəlki səviyyədə bərpası 2021-ci ilin ikinci yarısından sonra baş verəcək.
Bundan əvvəl “Gartner” analitik şirkəti 2020-ci ildə qlobal IT sahəsinin bütün seqmentlərində azalmanın olacağını proqnozlaşdırıb. Xərclər baxımından daha çox azalma data mərkəzi sistemləri və qurğular (kompüter, smartfon və sair) üçün gözlənilir - müvafiq olaraq 9,7 və 15,5 faiz. Bu il informasiya texnologiyaları xidmətlərinin satışı 7,7 faiz, korporativ proqram təminatının satışı 6,9 faiz azalacaq. Rabitə xidmətləri kateqoriyasında isə mədaxilin 4,5 faiz azalacağı proqnozlaşdırılır.
Qiymətləndirməyə görə, 2020-ci ildə dünyada informasiya texnologiyaları xərcləri ümumilikdə 3,46 trilyon dollar təşkil edəcək. Bu, bazarın həcminin 3,76 trilyon dollara bərabər olduğu 2019-cu ilin göstəricisindən 8 faiz azdır.