Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçıları İçərişəhərdən xoş təəssüratla ayrılmışlar
Bakı, 2 iyun (AZƏRTAC, Türkan Abdullayeva). AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçıları iyunun 2-də İçərişəhərlə tanış olmuşlar.
AZƏRTAC xəbər verir ki, qonaqların İçərişəhərdə gəzintisi ölkə əhəmiyyətli abidə olan ikimərtəbəli Karvansaray ilə tanışlıqdan başlamışdır. Onlara məlumat verilmişdir ki, Karvansaray ХV əsrdə tikilmişdir. Bildirilmişdir ki, Kаrvаnsаrаy daxili plаnına əsasən kvаdrаt fоrmаlıdır. Dахili məkаnı səkkizüzlüdür, arхаsındа аyrıcа оtаqlаr yеrləşən еyvаnlаrlа əhаtə оlunmuş həyətdən ibаrətdir.
Qeyd edilmişdir ki, otаqlаrın və еyvаnlаrın qübbə örtükləri çаtmа fоrmаlıdır. Küncdəki оtаqlаr isə kiçik künbəzlərlə tаmаmlаnır. Kаrvаnsаrаyа girişlər, binа hündürlüyündə qаbаrаn pоrtаllаr və birinci mərtəbə səviyyəsində dərin tахçаlаrlа tаmаmlаnır. Cənub-şərq tərəfdən Kаrvаnsаrаy bütöv künc qаlаlаrlа mühаfizə оlunmuşdur.
Sonra qonaqlar Qız qalasını gəzmişlər. Onlara bu abidənin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılmış bu qala XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindrik formalı tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilisindən ibarətdir.
Qonaqlara elektromobillərdə gəzinti zamanı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, İçərişəhər ərazisində yerləşən, müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.
Sonra Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçıları Şərqin memarlıq incilərindən sayılan dünya əhəmiyyətli Şirvanşahlar Saray Kompleksi tarix-memarlıq abidəsi ilə də tanış olmuşlar.
Bildirilmişdir ki, XV əsrin əvvəlində inşa edilmiş bu tarixi abidə İçərişəhərdəki təpələrdən birinin ən uca nöqtəsində yerləşir. Dəniz tərəfdən və şəhərin ətrafındakı yüksəkliklərdən yaxşı görünən Şirvanşahlar Saray Kompleksi bu gün də öz tarixi-memarlıq əhəmiyyətini saxlayır.
Qonaqlar qədim İçərişəhərdən xoş təəssüratla ayrılmışlar.