SİYASƏT
DÜNYA XOCALI BARƏDƏ HƏQİQƏTİ BİLMƏLİDİR
Türk-Amerika Assosiasiyaları Assambleyası və Amerika Azərbaycan Cəmiyyəti Xocalı faciəsinin 11-ci ildönümü ilə əlaqədar ABŞ Konqresinə və ölkənin nüfuzlu qəzetlərinə məktub göndərmişlər. Məktubda ötən əsrin ən qanlı faciələrindən biri - ermənilərin 1992-ci ilin fevralında Xocalı şəhərində dinc Azərbaycan əhalisinə qarşı törətdikləri soyqırımı barədə danışılır. Amerika-Azərbaycan Cəmiyyətinin prezidenti xanım Tomris Azərinin imzaladığı məktub haqqında AZƏRTAC-a daxil olan xəbərdə deyilir ki, beynəlxalq hüquq təşkilatları bu faciəni Dağlıq Qarabağ ətrafında münaqişə dövründə törədilmiş ən kütləvi qırğın kimi qiymətləndirmişlər. Erməni silahlı birləşmələrinin keçmiş SSRİ ordusunun 366-cı alayının köməyi ilə qadınların, uşaqların və qocaların başlarına gətirdikləri müsibətləri 1992-ci ildə ABŞ Konqresi dəhşətli qırğın adlandırmışdır.
Məktubda 1992-ci ildə “Vaşinqton tayms” qəzetində və “Tayms” jurnalında 1992-ci ildə dərc edilmiş və Xocalı faciəsi barədə ətraflı məlumat verilən məqalələrdən parçalar da gətirilmişdir.