Dünyada ilk: Süni intellekt beyin şişi əməliyyatında cərrahlara kömək edib
London, 27 avqust, AZƏRTAC
Böyük Britaniyada 48 yaşlı kişi dünyada ilk dəfə əməliyyat zamanı real vaxt rejimində süni intellekt texnologiyasından istifadə edilməklə beyin şişi çıxarılan pasiyent olub.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, əməliyyat Londonda Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında həyata keçirilib. Cərrahlar Ris Hibbertin beynindəki şişi çıxararkən mühüm anatomik strukturları rənglərlə fərqləndirərək müəyyən etməyə imkan verən yeni süni intellekt texnologiyasından istifadə ediblər. Bu sistem əməliyyat zamanı həkimlərə beynin olduqca kiçik və həssas strukturlarını daha dəqiq müəyyənləşdirməyə kömək edib.
Xəstəxana bir müddətdir sözügedən texnologiyadan tədqiqat məqsədilə istifadə etsə də, keçirilən əməliyyat onun ilk dəfə canlı pasiyent üzərində tətbiqi olub. Mütəxəssislər yeni texnologiyanın köməyi ilə Hibbertin hipofiz vəzisindəki şişi uğurla çıxarıblar.
Bedfordşirdə yaşayan Hibbert bildirib ki, əməliyyat onun görmə qabiliyyətini qoruyub.
Həkimlərin sözlərinə görə, əməliyyat həyata keçirilməsəydi, şiş Hibbertin görmə qabiliyyətini itirməsinə səbəb ola bilərdi.
Prosedur zamanı süni intellekt əməliyyatdan yayımlanan görüntüləri real vaxt rejimində təhlil edərək, beynin mürəkkəb strukturlarını xüsusi şəkildə işarələyib. Mütəxəssislər bildiriblər ki, beynin bu hissəsində hipofiz vəzi, qan damarları və görməni idarə edən sinirlər bir-birinə olduqca yaxın yerləşir və cəmi bir millimetrlik yanlış hərəkət belə ciddi nəticələrə səbəb ola bilər. Süni intellekt sistemi şiş çıxarılarkən cərrahlara toxunulmamalı olan həssas nahiyələri dəqiq göstərərək, əməliyyatın təhlükəsiz aparılmasına kömək edib.