Dünyada sülhün bərqərar olmasında Azərbaycanın multikulturalizm modelindən istifadə edilməlidir
Odessa, 9 mart, AZƏRTAC
Dünyada sülhün və əmin-amanlığın bərqərar olmasında Azərbaycanın tolerantlıq və multikulturalizm modelindən istifadə edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikir Ukraynanın Odessa şəhərində keçirilən “Multikulturalizm sülh və əmin-amanlığın əsas meyarıdır” mövzusuna həsr olunmuş elmi-praktik konfransda söylənilib.
Odessa Regional Dövlət İdarəetmə İnstitutunun, Moldova İctimai Palatasının və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə keçirilən konfransda MBD məkanındakı regional münaqişələr, XX əsrdə həyata keçirilmiş etnik təmizləmənin, işğalçılığın və soyqırımı aktlarının birgə araşdırılması məsələləri müzakirə olunub.
Konfransda çıxış edən Odessa Regional Dövlət İdarəetmə İnstitutunun direktoru Nikolay İja bildirib ki, multikulturalizm mövzusu dünyada ən aktual mövzulardan biridir. Bu baxımdan, Azərbaycanda mövcud olan dini tolerantlıq və multikulturalizm ənənələri dünyada sülh və sabitliyin qorunmasında bir nümunə kimi istifadə edilməlidir. Müstəqillik illərində üzləşdiyi çətinliklərə baxmayaraq, Azərbaycan multikultural dəyərlərin inkişafına xüsusi diqqət ayırmaqla dünyada azad və demokratik dövlət imicini qoruyub saxlaya bilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldovadakı nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriu çıxış edərək Azərbaycanın müstəqillik illərində böyük inkişaf yolu keçdiyini vurğulayıb. O deyib ki, Azərbaycan Qərblə Şərqin qədim mədəniyyətini özündə birləşdirən tolerantlıq və multikulturalizm mərkəzinə çevrilib. Nümayəndəliyin rəhbəri əmin olduğunu bildirib ki, Azərbaycan bu dəyərləri inkişaf etdirməklə bölgənin lider dövləti kimi ərazi bütövlüyünü bərpa edəcək.
Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və digər çıxış edənlər Sovet İttifaqı süquta uğradıqdan sonra MDB məkanında süni şəkildə yaradılmış regional münaqişələrdən, bölgədə həyata keçirilmiş etnik təmizləmədən, işğalçılıq siyasətindən və soyqırımı aktlarından bəhs ediblər. Bu ölkələr arasında Azərbaycan torpaqlarının 20 faizinin işğala məruz qalması, ermənilər tərəfindən Xocalıda XX əsrin ən amansız soyqırımı aktının törədilməsi tələbələrin və elm adamlarının diqqətinə çatdırılıb. Bu qədər məhrumiyyətlərə məruz qalmasına baxmayaraq, Azərbaycanda hökm sürən dini tolerantlığın və multikultural dəyərlərin nümunəvi model kimi dünyada sülh və əmin-amanlığın bərqərar olmasında istifadə edilməsinin vacibliyi vurğulanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Odessa