RƏSMİ XRONİKA
DÜŞƏNBƏ HAVA LİMANINDA RƏSMİ QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Tacikistan Respublikasına rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Tacikistanın dövlət bayraqları ilə bəzədilmiş Düşənbə hava limanında Prezident İlham Əliyevi təyyarənin pilləkəni yanında Tacikistan Prezident Emoməli Rəhmonov, Ali Məclisin yuxarı palatasının - Milli Məclisin sədri Mahmadsaid Ubaydulloyev, Baş nazir Akil Akilov, Nümayəndələr Məclisi (aşağı palata) sədrinin birinci müavini Abdulməcid Dostiyev, xarici işlər naziri Xamroxon Zaripov və digər dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar. Milli geyimli qız və oğlan dövlətimizin başçısına gül dəstələri təqdim etdilər.
Hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.
Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndi.
Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistanın rəsmi şəxsləri Azərbaycan Prezidentinə təqdim olundu.