Düşənbədə MDB ölkələrinin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurasının 25-ci iclası keçirilib
Düşənbə, 24 avqust, AZƏRTAC
Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurasının (VXRƏŞ) 25-ci iclası keçirilib.
Tədbirdə Şuranın üzvləri - Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldovanın müvafiq qurumlarının rəhbərləri, müşahidəçilər, Koreya Respublikasının və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Ölkəmizi tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov təmsil edib.
Yığıncaqda rəqəmsal iqtisadiyyat dövründə vergilərin inzibatiləşdirilməsi və 2017-ci ildə qəbul edilən Tədbirlər Planının yerinə yetirilməsi məsələləri müzakirə olunub.
Bundan başqa, bu sahədəki qanunvericiliyə əməl olunması üzrə vergi orqanları arasında əməkdaşlıq və qarşılıqlı yardım, vergi qanunlarının pozulmasının qarşısının alınması ilə bağlı informasiya mübadiləsi məsələləri də araşdırılıb.
İclasda Şuranın Tədbirlər Planı da qəbul edilib.
Şuranın növbəti iclasının 2019-cu ildə Rusiyada keçirilməsi qərara alınıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə