Ədəbiyyat İnstitutunun əməkdaşı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib
Bakı, 3 noyabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru professor Vüqar Əhməd Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib və həmin qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, Vüqar Əhməd bu mükafata Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin güclənməsinə verdiyi töhfələrə, eləcə də türk dünyasının ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
“Beynəlxalq qızıl ulduz” medalı və akademiyaya üzvlük diplomu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, görkəmli alim, şair professor Elçin İsgəndərzadə tərəfindən Vüqar Əhmədə təqdim edilib. Vüqar Əhməd əməkdaşı olduğu Ədəbiyyat İnstitutunun kollektivi adından Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ona səs verən bütün üzvlərinə və namizədliyini dəstəkləyən Elçin İsgəndərzadəyə təşəkkürünü bildirib: “Bu, təkcə mənim uğurum deyil, Azərbaycan Milli Elmlər Akademiyasının, Ədəbiyyat İnstitutunun, Azərbaycan elminin uğurudur”.
Qeyd edək ki, Vüqar Əhməd Nyu-York Elmlər Akademiyasının üzvüdür. O, 40-dan çox elmi-ədəbi kitabın, monoqrafiyaların və dərsliklərin müəllifidir. Onun elmi və bədii əsərləri rus, fars, ingilis, türk və başqa dillərdə dünyanın tanınmış nəşriyyat və dərgilərində çap olunub.