ƏDƏBİYYATŞÜNASLIQ PROBLEMLƏRİ MÜSTƏQİLLİK İDEYALARI ƏSASINDA ARAŞDIRILIR
İnstitutun direktoru Bəkir Nəbiyev AZƏRTAC-ın müxbirinə demişdir ki, son illər burada struktur dəyişiklikləri aparılmış, elmi potensial əvvəllər mövcud olmuş 12 əvəzinə 10 şöbədə yerləşdirilmiş, iki yeni şöbə - Xarici ölkələr ədəbiyyatı və Ədəbi əlaqələr şöbələri yaradılmışdır. Sovet dövrü ədəbiyyatşünaslığından fərqli olaraq, indi folklor və klassik irsin, mədəniyyət tariximizdə aparıcı mövqeyi olan möhtəşəm ədəbi abidələrin, yetmiş il yasaq edilmiş türk-islam dəyərlərinin öyrənilməsi ön plana çəkilmişdir. Vaxtilə yazılmış işlərin müasirlik mövqeyindən təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Məsələn, altıcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin I cildi bu yaxınlarda işıq üzü görəcəkdir. Qədim dövrü və orta əsrləri əhatə edən I-III cildlər çap prosesindədir. Bu fundamental mövzu üzrə şifahi xalq ədəbiyyatını əhatə edən yeni cild yazılmışdır. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan ədəbiyyatı klassiklərindən 34 sənətkarın əsərini nəşrə hazırlamaq bizim kollektivə həvalə olunmuşdur. Artıq mütəxəssislərimiz Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif və digərlərinin əsərləri üzərində işləyirlər. İnstitutumuzda latın qrafikası ilə nəşrə hazırlanan klassik irs nümunələrinin həcmi 1500 çap vərəqinə yaxındır.