Ədliyyə könüllüləri arasında keçirilən atıcılığın tir növü üzrə yarışın qalibləri mükafatlandırılıb
Naxçıvan, 20 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin atəş zalında atıcılığın tir növü üzrə ədliyyə könüllüləri arasında keçirilən birinciliyə yekun vurulub.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışda nazirlikdə “Ədliyyə könüllüləri” proqramı istiqamətində qeydiyyata alınmış Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və beynəlxalq münasibətlər fakültəsinin Hüquqşünaslıq ixtisasının IV kurs tələbələri iştirak ediblər.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə keçirilən yarışda Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov çıxış edərək belə tədbirlərin keçirilməsinin əhəmiyyəti və atıcılığın tir idman növü barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ordumuzun şanlı qələbəsinin sevincinin yaşandığı bu günlərdə gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bugünkü tədbirin də məqsədi Qələbə sevincini tələbələrlə bölüşmək, gənclərə vətənpərvərlik və milli fəxarət hissi aşılamaqdan ibarətdir. Eyni zamanda bu gün muxtar respublikada atıcılıq üzrə idman növlərinin geniş təbliğ edilməsi gənc nəsildə hərbi-vətənpərvərlik ruhunun artırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Sonra 10 tələbədən ibarət ədliyyə könüllüsünün iştirakı ilə yarışa start verilib. Gərgin idman mübarizəsi ilə yadda qalan birincilikdə qaliblər müəyyən olunub, I-III yeri tutan qaliblərə diplomlar təqdim edilib.